DÜNYA
Bu gün Pakistanda parlament seçkiləri keçirilir
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Pakistanda Milli Assambleyaya (MA - parlamentin aşağı palatası) seçkilər keçiriləcəkdir. Seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluq təşkil edən qüvvələr ölkənin yeni hökumətini formalaşdıracaqlar. Pakistan Nazirlər Kabinetinin beşillik səlahiyyət müddəti aprel ayında başa çatmışdır.
Milli Assambleyanın 272 deputat mandatı uğrunda mübarizə gedəcəkdir. Parlamentin aşağı palatasında cəmi 342 deputat yeri var, lakin həmin yerlərdən 60-ı daimi olaraq qadınlar üçün, 10-u isə dini azlıqların nümayəndələri üçün təhkim edilmişdir.
Senatda (yuxarı palata) 104 deputat yeri var. Senat federal parlamentin aşağı palatasının və əyalətlərin qanunverici məclislərinin deputatları tərəfindən 6 il müddətinə seçilir.
Pakistan Konstitusiyasına görə, bu respublikada yaşı 21-ə çatmış bütün vətəndaşlar cinsindən və dini mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququna malikdirlər. Səsvermənin ilkin nəticələri yerli vaxtla saat 19.00 radələrində məlum ola bilər.
Ekspertlərin fikrincə, üç qurum – Pakistan Xalq Partiyası, Pakistan Müsəlman Liqası və “Ədalət uğrunda hərəkat” Milli Assambleyada ən çox səs toplamaq şansına malikdir.
Pakistandan və başqa ölkələrdən olan on minlərlə müşahidəçi, çoxsaylı KİV nümayəndələri seçkilərin gedişinə nəzarət edəcəklər.
Aİ bu seçkilərə 100 nəfərdən çox müşahidəçi missiyası göndərmişdir.
Bütün ölkədə əlavə təhlükəsizlik tədbirləri görülmüşdür. Təhlükəsizliyin təmin olunmasına 600 mindən çox insan, o cümlədən 50 minə yaxın hərbi qulluqçu cəlb ediləcəkdir.