REGİONLAR
“Bu günün qənaəti sabahın əmanətidir” adlı tədbir keçirilib
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində “Bank savadlılığı layihəsi” çərçivəsində “Bu günün qənaəti sabahın əmanətidir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 31 oktyabr - Beynəlxalq Əmanət Gününə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Azər Səfərov əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanmasından danışıb. O, məhz buna görə “Bank savadlılığı layihəsi”nin tələbələrə yönəldiyini bildirib. Azər Səfərov diqqətə çatdırıb ki, tədbirin keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici vasitələrlə iştirakçıların bankla bağlı bilik və bacarıqlarının artırılması, bank məhsul və xidmətləri ilə əlaqədar düzgün qərarların verilməsini dəstəkləmək və onlarda bank sektoruna inamı gücləndirməkdən ibarətdir.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank savadlılığı komandası”nın üzvləri Qənbər Xudiyev və Samil Quliyev tərəfindən pul xərcləmək bacarıqları, qənaət vərdişləri, qənaətin məqsədi, faydaları və qlobal əhəmiyyəti, əmanət anlayışı, onun formaları barədə danışıblar. Çıxış edənlər banklarda əmanətlər üzrə faiz bölgüsündən, əmanətlərin sığortalanmasının qaydalarından və digər mövzulardan da söhbət açıblar. Mövzular elektron slaydlarla diqqətə çatdırılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Tələbələrə bankların bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanılıb və onlara banklarda mövcud olan bank məhsul və xidmətləri barədə geniş məlumat verilib.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib. Qalib şəxslərə bankların “Gold” kart, “Kartmane” kimi bank məhsulları hədiyyə olunub. Qaliblər banklarda təcrübə keçmək imkanı əldə ediblər.