ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Tibb Universitetini 1200-dən çox tələbə bitirir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Tibb Universitetində (ATU) 2012-2013-cü tədris ilinin məzunları ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi əhəmiyyət verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Rəhbərlik etdiyi universitetin fəaliyyəti barədə məlumat verən akademik Ə.Əmiraslanov burada təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır. Bildirilmişdir ki, maddi-texniki bazası daha da möhkəmləndirilmiş ATU-nun ən müasir avadanlıqlarla təchiz edilmiş klinikaları fəaliyyət göstərir. Təhsil müəssisəsində yüksək ixtisaslı həkim kadrları hazırlanır.
Qeyd olunmuşdur ki, bu gün universitetin məzunları həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
Akademik Ə.Əmiraslanov məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Görüşdə bildirilmişdir ki, bu il Azərbaycan Tibb Universitetini, ümumilikdə, 1214 tələbə bitirir. Onlardan 76-sı fərqlənmə diplomuna layiq görülmüşdür. Məzunlardan 176-sı xarici ölkə vətəndaşlarıdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və digər çıxış edənlər də dahi rəhbər Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan bəhs etmiş, Ulu Öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Məzunlara xoş arzularını bildirən natiqlər, onları doğma Vətənə və xalqa ləyaqətlə xidmət etməyə çağırmışlar.
Təhsildə fərqlənmiş məzunlara diplomlar təqdim olunmuşdur.