İQTİSADİYYAT
Bu il magistral və kənd yollarının təmiri və tikintisi ön planda olacaqdır
Bakı, 13 fevral (AZƏRTAC). Bu il magistral və kənd yollarının tikintisi daha geniş vüsət alacaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev bildirmişdir.
İlk növbədə, infrastruktur layihələrinin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev demişdir ki, bu istiqamətdə görülən işlər müsbət qiymətləndirilə bilər və davam etdirilməlidir. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri ön plandadır. Kənd yollarının tikintisi indi bütün bölgələrdə geniş vüsət almışdır. Bölgələrdən gələn əhali tərəfindən verilən təkliflər, edilən xahişlər əsasında biz bu layihələri icra edirik. İlk növbədə, biz əhalinin ən çox sıx məskunlaşdığı bölgələrdə, ən çox kəndləri birləşdirən yolları bərpa edirik. Qarşıya məqsəd qoyulubdur ki, bütün kənd yollarımız yüksək səviyyədə təmir edilsin, beləliklə, bu məsələ də öz həllini tapsın.