REGİONLAR
Bu il Qax rayonunda 3152 ton fındıq istehsal olunub
Qax, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 3152 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 94 ton artıb. İstehsal olunan fındığın 1292 tonu emal müəssisələri tərəfindən alınıb. Eyni zamanda, qəbul məntəqələri tərəfindən də əhalidən 600 tondan çox fındıq alınaraq, bazarlarda satışa çıxarılıb.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Fındıqçılıq rayonun kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Bu il bazarlarda fındığın bir kiloqramının satış qiyməti 4-5 manat arasında dəyişib. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir.
Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində iş aparılır. Yaxın illərdə rayon ərazisində 4 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.