REGİONLAR
Bu il Samuxda əkin sahələrinin suvarılmasında problem olmayacaq
Samux, 12 aprel, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda bu mövsüm suvarmada çətinlik olmayacaq. Artıq işə salınan Şəmkirçay su anbarı rayonun suvarmaya olan tələbatını tamamilə ödəyəcək.
Bu barədə AZƏRTAC-a Samux Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov məlumat verib.
İdarə rəisi bildirib ki, əkin sahələrini su ilə təmin etmək üçün ötən il rayonda 11 subartezian quyusu qazılıb, 3 əlavə nasos stansiyası qurulub. Bununla da suabartezian quyularının sayı 500-ə, nasos stansiyalarının sayı isə 25-ə çatdırılıb. Mövsümə hazırlıqla bağlı mövcud su qurğuları təmir edilərək saz vəziyyətə gətirilib. Yarana biləcək hər hansı bir nasazlığı dərhal aradan qaldırmaq üçün idarənin təchizat bazasında ehtiyat qurğular saxlanılır.
Gülağa Bağırov onu da qeyd edib ki, bütün bunlarla yanaşı, çaylarda sahil bərkitmə işləri də aparılıb. Sel sularının qarşısını almaq üçün bəndlər çəkilib. Kanallar lildən təmizlənib. Samuxda 23 min 120 hektar əkinə yararlı torpaq sahəsinin suvarmaya ehtiyacını ödəmək üçün xüsusi qurğularla yanaşı, rayon ərazisindən keçən təbii çaylardan və Şəmkir Maşın Kanalından da istifadə olunur.