REGİONLAR
Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur
Bakı, 13 iyul (AZƏRTAC). Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
Keçən müşavirələrdə də bu məsələni qaldırdığını diqqətə çatdıran dövlətimizin başçısı bildirmişdir ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Prezident demişdir: Hələ ki, mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min hektar torpaq suvarılacaqdır. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaqdır. Ona görə, yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat versinlər. Ondan sonra, əlbəttə ki, biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın.