İQTİSADİYYAT
BU İLİN İLK 5 AYINDA 47 MƏHSUL NÖVÜNÜN İSTEHSALI VƏ SATIŞI DAYANDIRILMIŞDIR
Bakı, 17 iyun (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirmişlər ki, SMPDK-nın Ərazi Dövlət Nəzarəti İdarələri (DNİ) cari ilin ilk 5 ayında 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirmişlər. Bunlardan 353-ü 1 nömrəli Ərazi DNİ-nin (Bakı) payına düşür.
Nəzarət tədbirləri nəticəsində 211,5 min manatlıq məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Nöqsan aşkar edilmiş müəssisələrə 119 iradnamə, istehsal və ya satışın qadağan olunması barədə 47 tələbnamə verilmiş, 43,5 min manat cərimə tətbiq olunmuşdur.
Ötən 5 ayda ərazi sınaq və sertifikatlaşdırma idarələri tərəfindən 1255 müəssisəyə 2 min 319 sertifikat verilmişdir. Bunlardan 1180-i istehsala, 1059-u idxala, 80-i isə məhsul partiyasına verilmişdir.