DÜNYA
Bu ilin səkkiz ayı ərzində İtaliya sahillərinə 20 mindən artıq qaçqın pənah aparmışdır
Vyana, 9 sentyabr (AZƏRTAC). 2013-cü ilin əvvəlindən indiyədək 20546 qaçqın açıq dənizdə istifadəyə yararsız balıqçı qayıqlarında İtaliya sahillərinə yan almışdır. İtaliya Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata əsasən, onların 2872 nəfəri Suriya vətəndaşlarıdır.
Məlumata görə, son aylarda Şimali Afrika sahillərindən İtaliya istiqamətində üzən balıqçı qayıqlarının ardı-arası kəsilmək bilmir və hər gün 130-150 qaçqın sahil mühafizə xidməti tərəfindən xilas edilir.
Siciliyalı siyasətçi Canfranko Miççike Avropa İttifaqı ölkələrinə ünvanlanmış müraciətində diqqətə çatdırmışdır ki, təmsil etdiyi ada mövcud durumun öhdəsindən gəlmək iqtidarında deyil. Həyəcan təbili çalan siyasətçi İtaliya sərhədlərinin eyni zamanda Avropa İttifaqının sərhədləri olduğunu və Suriyadakı vəziyyət nəticəsində yaranmış qaçqın axınının təkcə İtaliyanın deyil, eyni zamanda bütün Avropa İttifaqı ölkələrinin problemi olduğunu vurğulamışdır.
Siciliyalı deputatlar Avropa Komissiyasının Avropanın daxili siyasəti üzrə komissarı Sesiliya Malmströmə mövcud qaçqın axını ilə bağlı problemi müzakirə etmək üçün görüşlə əlaqədar müraciət ünvanlamışlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana