MƏDƏNİYYƏT
Bu tur-aksiyalar məktəblilərin həyatında mühüm hadisədir
Masallı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də Masallı rayonunun rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının Masallı rayonundan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola salmaq üçün rayon mərkəzindəki meydana toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları şəhərin Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri Namiq Ağayev dedi: “Masallı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ölkənin qərb bölgəsinə yola düşürlər. Dörd gün davam edəcək tur-aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Bu tur-aksiyalar məktəblilərin həyatında mühüm hadisədir. Şagirdlərin regionla tanışlığı onların biliklərini daha da zənginləşdirəcək. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Tur-aksiyanın digər iştirakçıları - Masallı şəhər 1 nömrəli tam orta məktəbinin direktor müavini Xalidə Kərimova, Şərəfə kənd tam orta məktəbinin IX sinif şagirdi Ağanihad Ağayev, şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Sara Ağayeva da sevinclərini ifadə edərək yay tətili günlərində məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Mərasim başa çatdıqdan sonra tur-aksiyanın iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşib Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola düşdülər.