SİYASƏT
BUDAPEŞTDƏ AZƏRBAYCAN SƏFİRİNİN DİPLOMATİK MİSSİYASININ BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Budapeşt, 27 aprel (AZƏRTAC). Aprelin 26-da Macarıstanın Duna-TV telekanalında Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun diplomatik missiyasının başa çatmasına həsr olunmuş təıntənəli mərasim olmuşdur.
Telekanalın prezidenti Laslo Çeleni mərasimdə çıxış edərək, xalqlarımız və dövlətlərimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsindəki xidmətlərinə görə H.Həsənova minnətdarlığını bildirmiş, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, dinamik inkişaf edən Macarıstan-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurğulamışdır.
Həsən Həsənov Azərbaycana və onun xalqına səmimi münasibətinə, səfirliyin fəaliyyəti üçün yaradılan gözəl şəraitə görə Macarıstan hökumətinə minnətdarlığını bildirərək demişdir ki, bu illər ərzində iki ölkənin münasibətlərini tənzimləyən hüquqi əsas yaradılmış, 20-dən çox mühüm ikitərəfli sənəd imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin iki dəfə Macarıstana səfəri, Prezident Laslo Şolom və ölkənin digər rəhbərləri ilə görüşləri və danışıqları bu məsələdə həlledici rol oynamışdır.
H.Həsənov vurğulamışdır ki, səfirlik təkcə Azərbaycan haqqında həqiqətlərin Macarıstanda yayılması ilə deyil, həm də Macarıstan haqqında informasiyanın Azərbaycanda təbliği ilə məşğul olmuşdur.
Sonra Laslo Çeleni və Həsən Həsənov bir-birinə xalqlarımız arasında sıx əlaqələrin rəmzi olan xatirə hədiyyələri təqdim etmişlər.
Tədbir DUNA-TV ilə birbaşa yayımlanmışdır. Mərasimdə mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri və digər fəxri qonaqlar iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
######