DÜNYA
Burkino Fasoda gərgin vəziyyət yaranıb
Burkino Fasoda gərgin vəziyyət yaranıb, ölkəni nümayiş dalğası bürüyüb. Buna, 27 il hakimiyyətdə olan prezident Blez Compaorenin səlahiyyətlərinin daha 15 il uzadıması ilə bağlı ölkə konstitusiyasına dəyişiklik edilməi səbəb olub. Ağır sosial həyat tərzindən və prezidentin idarəçilik üsulundan narazı olan xalq küçələrə çıxaraq dövlət başçısının istefasını tələb ediblər.
Aksiya iştirakçılarının sayının milyondan artıq olduğu bildirilir.
Paytaxt Ouagadougouda vəziyyət daha gərgindir. Milli Assambleyanın qarşısına toplaşan qəzəbli nümayişçilər binaya od vurublar. Polislərlə nümayişçilər arasında qarşıdurma zamanı 3 nəfər həlak olub, onlarla insan yaralanıb.
Paytaxt küçələrində nümayişçilər avtomobillərə od vurub, mağazaların və inzibati binaların vitrinlərini sındırıblar.
Ölkənin bəzi şəhərlərində əskərlər nümayişçilərin tərəfinə keçiblər.
Hökumətin rəsmi məlumatına görə, konstitusiyaya təklif olunan dəyişiklik ləğv olunub. Lakin nümayişlər ara vermir. Hakim dairələr ölkədə “ərəb baharı”nın baş verməsindən ehtiyat edirlər.
Vəziyyətin gərginliyini nəzər alan BMT-nin Baş katibi öz emissarını bu ölkəyə göndərib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris