İQTİSADİYYAT
BUXARESTDƏ RUMINİYA-AZƏRBAYCAN BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət böyük nümayəndə heyəti Rumıniyada işgüzar səfərdə olmuşdur.
Səfərin ilk günü nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Buxarestdəki büstünü ziyarət etmişlər. Oktyabrın 21-də Rumıniya Sənayeçilər Birliyinin binasında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes forumu açılmışdır. Ə.Məmmədov forumda Azərbaycanın dinamik iqtisadi inkişafı, makroiqtisadi göstəriciləri, ölkədə sahibkarlıq fəaliyyəti və sərmayədarlar üçün yaradılmış əlverişli şərait, milli qanunvericilik bazası, aparılan islahatlar haqqında danışmış, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünyada biznes mühitinə dair “Doing Business-2009” hesabatında Azərbaycanın ən islahatçı ölkə elan olunması faktını xüsusi vurğulamışdır.
Ə.Məmmədov Buxarest biznes forumunun ölkələrimizin ticarət-iqtisadi əməkdaşlığının genişlənməsinə, iş adamları arasında əlaqələrin yaradılmasına və möhkəmləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Forum çərçivəsində iş adamlarının ikitərəfli görüşləri keçirilmiş, əməkdaşlıq sahələri və formaları müzakirə edilmişdir. Biznes forumda Rumıniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivləri ilə bağlı səmərəli və konkret istiqamətlər müəyyənləşdirilmiş, təkliflər irəli sürülmüşdür.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Azərbaycan səfirliyində olmuş, Rumıniyanın Ticarət və Sənaye Palatası, Xarici İnvestisiyalar üzrə Rumıniya Agentliyi, Rumıniya-Azərbaycan və Rumıniya-Türkiyə Sənaye və Ticarət palatalarının rəhbərləri ilə səmərəli görüşlər keçirmişlər.