SİYASƏT
Cari ildə görüləcək işlər nəticəsində Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir
Bakı, 16 yanvar (AZƏRTAC). Cari ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, on il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, Regional inkişaf Proqramı da uğurla icra edilib. 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsinin 2012-ci ildə bir qədər aşağı düşdüyünü və indi 5,2 faiz səviyyəsində olduğunu deyən Azərbaycan Prezidenti vurğulamışdır ki, işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir .