İQTİSADİYYAT
Cari ilin 9 ayında Səbail rayonunda mühüm obyektlər tikilmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq cari ilin ilk 9 ayı ərzində Səbail rayonunda bir sıra mühüm obyektlər inşa olunmuşdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Proqram çərçivəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının, 3 nömrəli vərəm əleyhinə dispanserin, C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbinin, Bibiheybət qəsəbəsində mədəniyyət evi və qəsəbə kitabxanasının, A.H.Kazımov adına 1 və Bayıldakı 33 nömrəli şəhər poliklinikalarının, 44 nömrəli uşaq bağçasının, Dağüstü parkın ərazisinin bir hissəsinin əsaslı təmiri və yenidənqurması işləri artıq başa çatdırılmışdır. “Azadlıq” meydanında inşasına 2012-ci ildə başlanılmış 2 min avtomobil tutumuma malik yeraltı qaraj istifadəyə verilmiş, 20-ci yaşayış sahəsində 102 və 118 nömrəli 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuşdur.
Bundan əlavə, Bibiheybət qəsəbəsində poçt məntəqəsi açılmış, qəsəbədə 70 nömrəli uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi başa çatmışdır.
Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır.