REGİONLAR
Cari ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması ilə əlamətdar olmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). 2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdir.
Nazir vurğulamışdır ki, bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir.