İQTİSADİYYAT
“Caspian Oil and Gas” sərgisində 32 ölkədən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir
Bakı, 27 may (AZƏRTAC). İyunun 5-8-də Bakıda keçiriləcək 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” (“Caspian Oil and Gas”) sərgi və konfransında dünyanın 32 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, BƏƏ, Böyük Britaniya, Rusiya və Türkiyənin milli qrupları vardır. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcəkdir.
Əlamətdar hallardan biri də odur ki, sərgi iştirakçılarının 10 faizini əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir.
Sərgi və konfransın əsas sponsoru “bp-Azərbaycan”, “qızıl sponsor”ları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Andrade Gutierrez” şirkətləridir.
“Bakı Sərgi” mərkəzinin iki pavilyonunda keçiriləcək tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud yeni texnologiyalar nümayiş etdiriləcəkdir. Eyni zamanda, sərgidə regionda həyata keçirilən və gələcəkdə reallaşdırılacaq neft-qaz layihələri də təqdim olunacaqdır.
Sərgi çərçivəsində 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” konfransı da keçiriləcəkdir. Konfrans iyunun 6-da “Hilton Baku” otelində başlayacaqdır. Konfransın məruzəçiləri arasında müxtəlif dövlətlərin yüksək rütbəli nümayəndələri və respublikanın neft-qaz sənayesi sahəsinin aparıcı iştirakçıları yer alır.