ELM VƏ TƏHSİL
Cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur təşkil edilir
Bakı, 16 fevral, AZƏRTAC
Təhsil Nazirliyi Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur təşkil edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə KİV-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Səfərin təşkilində məqsəd dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
Mediatur çərçivəsində KİV-lərin təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq.
Səfər zamanı pedaqoji kollektivlərin və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən insanlarla görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri təşkil ediləcək.