CƏLİL MƏMMƏDQULUZADƏNİN 140 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2009-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 ili tamam olur.
Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığı “Ölülər”, milli vəhdət ideyasının carçısına çevrilmiş “Anamın kitabı”, eləcə də digər dramaturji, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan “Molla Nəsrəddin” jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatlarına böyük təsir göstərmişdir.
Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il.