İDMAN
Cəlilabadda gənc velosipedçilərin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yürüşü keçirilmişdir
Cəlilabad, 20 iyun (AZƏRTAC). Cəlilabad şəhərində gənc velosipedçilərin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yürüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti, mədəniyyət və turizm şöbəsi, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Gənc idmançılar yürüşün təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra velosiped yürüşünə start verilmişdir. Yürüş iştirakçıları Cəlilabad şəhərindən Sadatlı kəndinə doğru yürüş etmişlər.