REGİONLAR
Cəlilabadda sarımsaq əkininə maraq artıb
Cəlilabad, 6 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onlara edilən güzəştlər bütün regionlarda olduğu kimi, Cəlilabad rayonunda da ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, son illər Cəlilabadda kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb.
Rayon sakini Allahverdi İsmayılov ötən ilin payızında 1,5 hektar sahədə sarımsaq əkib. O, əkin üçün toxumları İran İslam Respublikasından gətirib. Onun sözlərinə görə, qonşu ölkədən gətirdiyi sarımsaq xəstəliklərə qarşı xeyli dözümlü və yüksək məhsuldarlığa malikdir.
Təsərrüfat sahibi qeyd edib ki, taxıl ilə müqayisədə sarımsaq təsərrüfatına daha çox əmək sərf olunsa da, bu sahənin gəliri kifayət qədər yüksəkdir.
Hazırda yerli bazarlarda sarımsağın 1 kiloqramı 8-9 manat arasında dəyişir. A.İsmayılov bu il sarımsaq sahəsindən 35 min manat gəlir götürməyi planlaşdırır.