SİYASƏT
“CƏMİYYƏTİMİZ QADINLARIN GÖZÜ İLƏ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Bakıda “Vəfa” Ziyalı Qadınlar İctimai Birliyi, “XXI əsrin Qadınları” İctimai Birliyi və “Ümid Yeri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətimiz qadınların gözü ilə” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Jalə Əliyeva, “Vəfa” Ziyalı Qadınlar İB-nin sədri Əsmayə Cavadova, “XXI əsrin Qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova, “Ümid Yeri” İctimai Birliyinin sədri Nigar Məsimova və professor Rəna Mirzəzadə çıxış etmişlər.
Çıxışlarda Azərbaycandakı mövcud durum, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin işğalı altında olan ərazilərimizdəki vəziyyət və s. məsələlərə toxunulmuşdur. Azərbaycanın ziyalı qadınları Vaşinqtonda keçirilmiş nüvə təhlükəsizlik sammitinə dövlətimizin nümayəndələrinin dəvət olunmamasına öz kəskin etirazlarını bildirmişlər.
Tədbirdə Azərbaycanın fəal qadın ictimai birlikləri adından ABŞ-ın dövlət katibi Hillari Klintona və ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət qəbul edilmişdir.
Müraciətdə qeyd edilmişdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 20 min vətəndaşını itirmiş, torpaqlarının 20 faizi işğal olunmuş, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyektləri, təhsil və səhiyyə ocaqları məhv edilmiş, 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüşdür.
Qeyd olunmuşdur ki, ABŞ və digər dövlətlər bu ədalətsizliyə son qoymalı, tarixi faktlar əsasında cinayətləri ifşa edilmiş ermənilərə təzyiqlər artırılmalıdır.
######