CENEVRƏDƏ AZƏRBAYCAN MUĞAMI SƏSLƏNMIŞDIR
Konsertin açılış mərasimində BMT-nin Cenevrədəki bölməsinin mədəniyyət Departamentinin nümayəndəsi və daimi nümayəndəliyimizin rəhbəri səfir Elçin Əmirbəyov tədbirin əhəmiyyəti barədə danışmış, Azərbaycan muğamının tarixi, xalqımızın adət-ənənələri, zəngin musiqi mədəniyyəti, xüsusilə məşhur Qarabağ muğam məktəbi barədə geniş məlumat vermişdir.
Respublikanın xalq artisti Aygün Bayramovanın ifasında “Mahur”, “Dilkəş”, “Segah”, “Bayatı-Şiraz”, “Çahargah” təsnifləri böyük ustalıqla səslənmiş və tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanmışdır.
Konsertdə xanəndəni tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayiət etmişlər.
Muğam üçlüyünün konsertində BMT-nin Cenevrədəki bölməsinin yüksək vəzifəli əməkdaşları, qurumun agentliklərinin rəsmiləri, Cenevrədə akkreditə olunmuş ölkələrin səfirləri və nümayəndəliklərinin əməkdaşları, İsveçrədə yaşayan azərbaycanlılar, təhsil alan tələbələrimiz və elmi fəaliyyətlə məşğul olan ziyalılarımız iştirak etmişlər.
Maraqlı tədbir ziyafətlə davam etdirilmişdir.