DÜNYA
Cənubi Koreyada yanğında ölənlərdən doqquzunun şəxsiyyəti hələ də müəyyənləşdirilməyib
Pekin, 30 aprel, AZƏRTAC
Cənubi Koreya polisi Kyongi vilayətində tikinti sahəsinin anbarında baş verən yanğında ölən 38 fəhlənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyada son illərin ən faciəli hadisələrindən biri kimi tarixə düşən yanğında ölənlərin 29-nun şəxsiyyəti barmaq izi vasitəsilə müəyyən edilib. Digər 9 meyitin kimə məxsus olmasını isə onların tanınmaz hala düşməsi səbəbindən müəyyən etmək olmayıb. Polis DNT analizlər üçün meyitlərdən nümunələr götürüb. Analizlərin cavabı növbəti 2 gün ərzində məlum olacaq.
Polisin təsdiqlədiyi məlumata əsasən, aprelin 29-da günorta saatlarında baş verən yanğında 38 nəfər ölüb. Ölənlərin ikisi Çin və Qazaxıstan vətəndaşıdır. İçon şəhərində tikinti sahəsindəki anbarda baş verən yanğın 5 saat sonra nəzarət altına alınıb. Hadisə nəticəsində yaralanan 10 nəfərdən 2-sinin vəziyyəti kritikdir.
Xilasedicilər anbarda sutkaya yaxın axtarış işləri aparıblar. İlkin ehtimala əsasən, yanğın zirzəmi qatında izolyasiya işləri aparmaq üçün istifadə olunan kimyəvi maddənin alışmasından başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin