İQTİSADİYYAT
Ceyhan yaxın vaxtlarda yeni birja mərkəzi olacaqdır
Bakı, 14 mart (AZƏRTAC). Türkiyə beynəlxalq neft birjalarına təsir edəcək yeni sistem qurmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə KİV-lərinə Xəzər Enerji İnstitutunun doktoru Cəmil Ərtəm bildirmişdir.
Dünya bazarlarında neft birjalarındakı son vəziyyəti dəyərləndirən C.Ərtəm demişdir ki, Türkiyə artıq neft bazarı qurmağa qərar vermişdir. Bu, neft məhsullarının qiymətləndirilməsində Türkiyənin mərkəz olması yolunda mühüm addımlardan biridir. Belə bir bazar beynəlxalq neft birjalarına təsir edəcəkdir. Çünki perspektivlər Türkiyənin bu imkanlara malik olduğunu və ölkənin siyasi-iqtisadi yüksəlişinin də bu istiqamətdə davam etdiyini göstərir.
C.Ərtəm bu yöndə Ceyhanın çox mühüm tranzit və birja mərkəzi ola biləcəyini vurğulamışdır. Qeyd etmişdir ki, Ceyhan Şimali İraq, Bəsrə və Xəzər dənizi ehtiyatlarının cəmləşərək paylaşıldığı mərkəz olacaqdır. Beləliklə də Ceyhan enerji mərkəzinə çevriləcəkdir. İraq və Xəzər neftini öz ölkəsi ərazisində neft birjalarında dünyaya satmaq istəyən Türkiyənin bu hədəfi, əslində, İstanbulun beynəlxalq maliyyə mərkəzlərindən biri olması yolunda siyasəti ilə də üst-üstə düşür.
Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Ceyhana nəql olunduğunu xatırladan C.Ərtəm, buradakı yeni emal zavodlarının və digər təsislərin bölgənin inkişafında çox mühüm rol oynayacağını söyləmişdir. Bundan əlavə, yaxın gələcəkdə Ceyhanda bir çox beynəlxalq neft şirkətlərinin terminalları və müəssisələri olacaqdır.
Beynəlxalq bazarda neft birjasında sövdələşmələri reallaşdıran ABŞ-da NYMEX, İngiltərədə ICE olmaqla iki bazar vardır. Əgər Bakı-Tbilisi-Ceyhan və İraq nefti ilə illik 400 milyon barrelə yaxın “qara qızıl”ın Türkiyəyə nəql olunduğunu, Samsun-Ceyhan boru xətti ilə 70 milyon tonluq ticarətin hədəfləndiyini, bundan əlavə, Şimali İraqdan da neftin nəqlini nəzərə alsaq, demək olar ki, bu resursları yerindəcə birjaya çıxaracaq Ceyhan yaxın vaxtlarda “Brent” və NYMEX qiymətlərindən sonra yeni bir birja mərkəzi olacaqdır. Bu da şübhəsiz yeni Yaxın Şərq və yeni Türkiyə, hətta yeni bir Avropa İttifaqı deməkdir. Bunun isə 4-5 il ərzində reallaşacağını görə bilərik.