REGİONLAR
Ceyranbatan qəsəbəsində şəhidlərin məzarları ziyarət olunub, qəsəbə ağsaqqalları ilə görüş keçirilib
Xırdalan, 31 yanvar, Ə.Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev rayonun Ceyranbatan qəsəbəsində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın heç zaman unudulmayacağını bildirib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini vurğulayıb.
Şəhid ailələri də öz növbələrində Prezident İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiklərini deyərək, Ali Baş Komandana və hər zaman onlara dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonra qəsəbədəki Şəhidlər abidəsi ziyarət olunaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
RİH başçısı Ceyranbatan parkını gəzərək qəsəbə ağsaqqalları ilə də görüşüb, qəsəbənin problemləri, görülməsi vacib olan işlərlə maraqlanıb. Abdin Fərzəliyev parkda abadlıq işlərin aparılmasının vacibliyini qeyd edərək, müvafiq strukturlara aidiyyəti üzrə tapşırıqlar verib.
Abdin Fərzəliyev daha sonra Ceyranbatan Folklor Evi və Ceyranbatan Uşaq Musiqi Məktəbinə baş çəkərək, görülən işlər və yaradılan şəraitlə tanış olub, Ceyranbatan qəsəbə Tibb Məntəqəsində həyata keçirilən vaksinasiya prosesini izləyib.