İQTİSADİYYAT
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi gələn il başa çatdırılacaqdır
Bakı, 24 dekabr (AZƏRTAC). İçməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi 2014-cü ildə başa çatdırılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 23-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov demişdir.
Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin tikintisinin də 2014-cü ildə başa çatdırılacağını vurğulayan Q.Hüseynov Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanıldığını bildirmişdir.