CƏMİYYƏT
Çilingərin iş görərkən aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 28 fevral, AZƏRTAC
Goranboy rayonunun Rəhimli kəndində Maqsud Musayevin fevralın 22-də iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla rayonun Goranboy Rayin Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal borunun düşməsi nəticəsində xəsarət aldığı və fevralın 26-da müalicə aldığı xəstəxanada öldüyü müəyyən olunub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.