DÜNYA
Çin Beynəlxalq İdxal Sərgisində 100-dən çox yeni məhsul və texnologiya nümayiş olunacaq
Şanxay, 4 noyabr, AZƏRTAC
Noyabrın 5-10-da keçiriləcək Çin Beynəlxalq İdxal Sərgisində 100-dən çox yeni məhsul ilk dəfə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin kommersiya nazirinin müavini Van Binnan məlumat verib. O, həmin yeniliklərin bir çoxunun dünyada ilk dəfə məhz Şanxay sərgisində ictimaiyyətə təqdim olunacağını bildirib.
Van Binnan məhsullar və xidmətlər bölümündən ibarət olan sərgidə ümumilikdə 3000-dən çox şirkətin iştirak edəcəyini açıqlayıb. Onların da 200-ü dünyanın 500 qabaqcıl şirkətlərinin daxil olduğu siyahıda (“Fortune 500”) yer alanlardır.
Qeyd edək ki, sərginin kənd təsərrüfatı və qida məhsulları, xidmətlər bölmələrində Azərbaycanın iki vahid ölkə stendində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar və şirkətlərimizin müxtəlif istiqamətlər üzrə xidmətləri nümayiş olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay