DÜNYA
Çin təbii qaz idxalını artırmaq istəyir
Pekin, 8 dekabr, AZƏRTAC
Qonşu ölkələrdən çəkilən yeni boru kəmərlərinin istifadəyə verilməsi və sıxılmış maye qaz terminallarının inşası Çinin təbii qaz idxalını daha da artırmaq niyyətində olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlamanı Çin Kommersiya Nazirliyinin mətbuat katibi Qao Fen edib. O, hökumətin ölkədə təbii qaz hasilatını dəstəkləməklə yanaşı, xaricdən idxalın şaxələndirilməsinə çalışdığını bildirib.
Çin gömrük xidmətinin statistikasına əsasən, yanvar-oktyabr aylarında ölkəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz, sıxılmış maye qaz idxalı isə 47,7 faiz artıb. Nazirlik rəsmisi “mavi yanacaq” istehlakının artmasını Çində hava çirkliliyi ilə mübarizə tədbirləri çərçivəsində istilik təchizatı sistemində daş kömürdən imtina edilməsi ilə bağlı olduğunu deyib.
Çin Milli Neft Korporasiyasının İqtisadi və Texnoloji Tədqiqatlar İnstitutunun baş təhlilçisi Su Bo bu il ölkədə təbii qaz istehlakının 230 milyard kumetrə çatacağını güman edir. Bununla qaz istehlakında 17 faizlik artımın qeydə alınacağını bildirən Su Bo, ötən il bu rəqəmin 7 faiz olduğunu deyib.
Çin Milli İnkişaf və İslahatlar Komissiyası “mavi yanacaq” tələbatını ödəmək üçün dövlət neft şirkətlərinə ölkədə təbii qaz hasilatını artırmağı tapşırıb.
Qeyd edək ki, Caixin Global portalının məlumatına əsasən, ötən il Çində təbii qaz istehlakı 205,8 milyard kubmetr təşkil edib ki, bu da ölkədə ümumi enerji istehlakının 6,4 faizini təşkil edib. Keçən il dünya üzrə orta göstərici 24,1 faiz olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin