DÜNYA
Çin və ACEAN ölkələri birgə hərbi-dəniz təlimləri keçirirlər
Tokio, 23 oktyabr, AZƏRTAC
Çin və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ACEAN) üzvləri birgə hərbi-dəniz təlimləri keçirirlər.
AZƏRTAC “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, Çinin Çjançzyan şəhərinin yaxınlığındakı hərbi-dəniz qüvvələrinin bazasında başlayan təlimlərdə səkkiz gəmi və 1000-dən çox heyət üzvü iştirak edir.
Nəşrin verdiyi məlumata görə, təlimlər zamanı birgə xilasetmə tədbirləri, xəsarət alanların təxliyəsi, həmçinin helikopterlərin uçuşu və enişi zamanı əlaqələndirmə məşqləri keçirilir. Altı gün davam edəcək təlimlərdə Bruney, Vyetnam, Çin, Sinqapur, Tailand və Filippinin hərbi-dəniz qüvvələrinin gəmiləri iştirak edir. İndoneziya, Kamboca, Malayziya və Myanmadan olan zabitlər təlimlərə müşahidəçi qismində qatılıblar.
Sinqapurun müdafiə naziri N En Hen bildirib ki, birgə təlimlər təklifi Çin tərəfindən edilib və ACEAN-ın üzvləri müxtəlif ölkələrlə birgə əməkdaşlığa hazırdırlar.
Bununla yanaşı, Çin assosiasiyanın üzvü olan ölkələrlə - Bruney, Vyetnam, Malayziya və Filippinlə ərazi mübahisələrini davam etdirir. Eyni zamanda, ABŞ və Yaponiyanın bildirdiyinə görə, Pekin mübahisəli sularda ən azı yeddi süni ada yaradıb ki, onlardan da həm hərbi aerodrom, həm də baza kimi istifadə etmək olar. Lakin Çin bu ittihamları rədd edərək, həmin fəaliyyətin yalnız sülhə xidmət etdiyini bildirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio