MƏDƏNİYYƏT
Çində tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan uğurla təmsil olunmuşdur
Pekin, 27 oktyabr (AZƏRTAC). Çin Xalq Respublikasında tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı başa çatmışdır.
Müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyan festival fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa xidmət edir.
Çində təhsil alan tələbələrimiz festival çərçivəsində ÇXR-in ən nüfuzlu ali təhsil ocaqları – Renmin, Tsinqhua və Pekin İkinci Xarici Dillər universitetlərində Azərbaycanın Pekindəki səfirliyinin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə ölkəmizə aid stendlər nümayiş etdirmişlər. “Azərbaycan-20: inkişaf və gənclik” devizi altında hazırlanmış stendlər məzmun etibarı ilə 3 bölmədən ibarət olmuşdur. Bunlar mədəniyyətimizin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və “Eurovision-2011” müsabiqəsində ölkəmizin birinciliyindən bəhs edən bölmələrdir. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanları nümayiş etdirilmişdir.
Bundan başqa, Azərbaycan stendini ziyarət edənlər milli yeməklərimizə, şirniyyatlarımıza qonaq edilmişdir. Pekindəki azərbaycanlı iş adamlarının, xüsusilə “Desert Rose” restoranı rəhbərliyinin tələbələrimizə tədbirdə iştirakı üçün xüsusi dəstəyi olmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin