İQTİSADİYYAT
Çıraq Neft Layihəsi çərçivəsində Qərbi Çıraq platforması üçün dayaq blokunun tikintisi başa çatmışdır
Bakı, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də KİV nümayəndələri Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda (BDÖZ) Çıraq Neft Layihəsi çərçivəsində aparılan işlərin gedişi ilə tanış olmuşlar.
AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində inşa edilən Qərbi Çıraq platforması üçün tikintisi başa çatmış dayaq bloku barədə geniş məlumat verilmişdir.
“bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirmişdir ki, Azəri-Çıraq-Günəşli yatağının operatoru olan bp şirkəti Qərbi Çıraq Platformasının dayaq blokunun tikintisini bu ilin oktyabrında başa çatdırmışdır. Bu platforma dəyəri 6 milyard ABŞ dolları olan Çıraq Neft layihəsinin bir hissəsidir. Yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur. Qurğu hazır olandan sonra Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında STB-1 daşıma barjasına yüklənmişdir. Barjaya yüklənmə əməliyyatı çox uğurlu və ən əsası isə tam təhlükəsiz qaydada yerinə yetirilmişdir.
Dayaq bloku bu ilin sonunadək barjanın üzərində qalacaq ki, Çıraq Neft Layihəsi üçün hazırda quraşdırılmaqda olan sualtı boru kəmərlərinin inşasını başa çatdırmağa imkan versin. Dayaq blokunun dənizdə tam quraşdırılması və yola salınması 2013-cü ilin əvvəllərinə planlaşdırılır.
Layihə meneceri İlqar Məmmədov vurğulamışdır ki, bp-Azərbaycan” şirkəti Azəri-Çıraq -Günəşlinin əməliyyatçısı kimi bu yataqlarda Çıraq Neft Layihəsindən əvvəl 6 dünya səviyyəli platforma tikmiş, təhlükəsiz və səmərəli şəkildə istismar etmişdir. Bu günədək “bp-Azərbaycan” Azəri-Çıraq -Günəşli yatağından ümumilikdə təqribən 2,2 milyard barrel neft hasil etməklə Xəzər dənizində dünya səviyyəli əməliyyatlar həyata keçirmişdir.
Diqqətə çatdırılmışdır ki, Qərbi Çıraq platformasının dayaq blokunun tikintisi 2012-ci ildə başlanmış və qrafikə uyğun olaraq 2012-ci ilin 4-cü rübündə tamamlanmışdır. Bu müddət ərzində tikinti işlərinə 2000 nəfər, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdur. İşçi qüvvəsinin təxminən 96 faizini azərbaycanlılar təşkil etmişdir. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-ə məxsus “BOS Şelf” şirkəti inşa etmiş, bu işlər BDÖZ -dəki tikinti-quraşdırma infrastrukturundan istifadə etməklə həyata keçirilmişdir.
Sonra texniki-təhlükəsizlik qaydaları ilə yaxından tanış olan jurnalistlər zavodun tikinti-quraşdırma sahəsini gəzmişlər.