MƏDƏNİYYƏT
“Çöllü” filmi “Qızıl Pəhləvan” kinofestivalına dəvət almışdır
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan rejissoru Şamil Əliyevin “Çöllü” filmi mayın 21-31-də Xabarovskda keçiriləcək “Qızıl Pəhləvan” Beynəlxalq kinofestivalına dəvət almışdır.
Filmin rejissoru AZƏRTAC-a bildirmişdir ki, “Qızıl Pəhləvan” “Çöllü” filminin iştirak etdiyi sayca səkkizinci beynəlxalq kinofestivaldır.
Film “Kinoşok-2012” MDB ölkələri, Latviya, Litva və Estoniyanın XXI Açıq kino festivalında (Rusiya, Anapa), “Avrasiya” VIII Beynəlxalq kinofestivalında (Qazaxıstan, Almatı) təqdim olunmuş, “Didor” V Beynəlxalq kinofestivalının (Düşənbə, Tacikistan) diplomuna layiq görülmüş, “Qaranlıq gecələr” XVI Beynəlxalq Tallinn kinofestivalının əsas müsabiqə proqramına daxil edilmiş, 35-ci Beynəlxalq Qahirə Kinofestivalında və 13-cü Tbilisi Beynəlxalq kinofestivalında, habelə bu yaxınlarda Ankarada keçirilmiş 24-cü Beynəlxalq kinofestivalda iştirak etmişdir.
“Çöllü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Xəlil Aminov, bəstəkarı Rauf Əliyev, prodüseri Müşviq Hətəmovdur.
Rollarda Bəhruz Vaqifoğlu (gənc çöllü), Vidadi Həsənov (ahıl çöllü), Cavidan Məmmədli (balaca çöllü), habelə Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkilmişlər.
Gənc çöllü şəhərdən kənarda təbiətin qoynunda yaşayır. Atası Ulu ona çöl həyatının bütün incəliklərini öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gəlmiş bir qızla tanış olur. Onunla tanışlıq gəncin həyatında yeni səhifə açır və o, indiyədək tanımadığı böyük həyata qədəm qoyur.
Film Düşənbədə keçirilən V Beynəlxalq kinofestivalda münsiflər heyətinin “Nağılvari gerçəkliyə görə” adlı xüsusi Diplomuna layiq görülmüşdür.