ELM VƏ TƏHSİL
COĞRAFİYA FƏNNİ ÜZRƏ METODİKİ TÖVSİYƏ MÜZAKİRƏ OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, coğrafiya fənni üzrə keçirilən elmi-metodiki seminarda 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında bu fənn üzrə nəticələrin statistik təhlilinə əsasən abituriyentlərin zəif cavab verdikləri mövzulara dair metodiki tövsiyə müzakirə olunmuşdur.
“Azərbaycan Respublikasının iqtisadi əlaqələri və nəqliyyatı”, “Azərbaycan Respublikası təsərrüfatının iqtisadi qiymətləndirilməsi” və s. adlı məqalələrin yer aldığı tövsiyədə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları hərtərəfli təhlili olunmuş, onların şərhi verilmişdir. Məqalənin sonunda uğurlu nəticə əldə etmək üçün hər bir mövzunu sistemli şəkildə öyrənilməsi, mövzular və kurslararası uzlaşma əlaqələrinə xüsusi diqqət yetirilməsi, məntiqi təfəkkür qabiliyyətinin inkişafı, termin və anlayışlar, səbəb-nəticə əlaqələri, ümumiləşdirmə tələb edən test tapşırıqlarına diqqətin artırılması, xəritələr və atlaslar üzərində işləmək bacarığının inkişaf etdirilməsi ilə yeni tövsiyələr verilmişdir.
Metodiki tövsiyə “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcəkdir.