ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu 2020-ci il üçün tədqiqat işlərinin planını təsdiq edib
Bakı, 27 dekabr, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasının növbəti iclasında 2020-ci il üçün tədqiqat işlərinin planının müzakirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi katib, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova 2020-ci il üçün yeni mövzuları şura üzvlərinə təqdim edib.
İclasda “Böyük və Kiçik Qafqaz ərazilərində yerləşən iqtisadi-coğrafi rayonların gözlənilən iqlim ehtiyatları və sinoptik proseslərin qiymətləndirilməsi (2020-2022-ci illər)”, “Abşeron-Astara arası Xəzərsahili düzən ekosistemlərində torpaqların təbii və antropogen deqradasiyası və səmərəli istifadəsi (2020-2021-ci illər)”, “Azərbaycan ərazisində mövcud və yeni salınmış yaşıllıqların inkişaf perspektivləri (2020-2022-ci illər)” və s. tədqiqat işlərinin mövzuları təsdiq edilib.