İDMAN
Con Bencamin Toşak: Komandamızın ilk oyundan sərfəli nəticə ilə evə dönəcəyinə inanıram
Bakı, 26 iyun (AZƏRTAC). İstədiyimizə nail olduq. Püşkatmadan razı qaldım və xüsusilə ilk oyunun səfərdə keçirilməsi bizim üçün əlverişli oldu. Çünki əks halda biz uzun yol qət edərək Azərbaycana, sonra isə Lənkərana getməli idik. Əlavə olaraq, hazırlıq planımız da pozulacaqdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində Maltanın “Slima Uonderers” komandası ilə qarşılaşacaq “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak demişdir.
Baş məşqçi bildirmişdir ki, Almaniyadakı hazırlığımızı başa vurub Maltaya gedəcəyik. Rəqib mənim karyeramda unutmadığım bir klubdur. Çünki futbolçu kimi son qolumu da bu klubun komandasının qapısına vurmuşam. Ola bilər ki, ilk oyunu keçirtdikdən sonra Maltada bir neçə gün də qalıb məşqlərimizi davam etdirək. Orada məşq keçmək üçün çox gözəl imkanlar vardır. Ümumiyyətlə, Malta gözəl ölkədir. Komandamızın ilk oyundan sərfəli nəticə ilə evə dönəcəyinə inanıram. İndi əsas düşündüyüm məqam ikinci mərhələdə rəqibin kimliyini öyrənməkdir.