REGİONLAR
Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri ixtisaslaşdırılmış kurslara cəlb olunublar
Kürdəmir, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da 57 saylı Kürdəmir seçki dairəsində bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dairə seçki komissiyasının inzibati binasında təşkil olunan kursların ikinci günündə rayon prokuroru Əlixan Əliyev “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, rayon polis idarəsinin rəisi Sultan Zeynalov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, dairə seçki komissiyasının sədri Əbülfət Mikayılov “Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında məruzə ilə çıxış edib, iştirakçıları maraqlandıran sualları seçki qanununun tələblərinə uyğun olaraq ətraflı cavablandırıblar.
İxtisaslaşdırılmış kurslar iştirakçıların fəallığı şəraitində keçir, onların bilik, bacarıq və işgüzarlıq vərdişlərinin daha da təkmilləşdirilməsinə töhfə verir.
Kurslar oktyabrın 17-dək davam edəcək.