DÜNYA
Danimarka hökuməti Brexit ilə bağlı problemlərin həlli üçün 110 milyon dollar ayırır
Stokholm, 31 avqust, AZƏRTAC
Danimarka hökuməti 700 milyon Danimarka kronu (təxminən 110 milyon ABŞ dolları) ayrılması barədə qərarını elan edib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Danimarkanın maliyyə naziri Kristian Yensenin sözlərinə görə, bu vəsait London ilə Brüssel arasında ilkin saziş bağlanılmadan Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı təqdirdə yarana biləcək “sərt Brexit” problemlərinin həlli üçün nəzərdə tutulur.
Nazir bildirib ki, Danimarka hökumətinin 700 milyon kron məbləğində ehtiyat vəsaiti var. Əgər Böyük Britaniya gələcək əməkdaşlıq barəsində razılıq əldə edilmədən Aİ-dən çıxarsa, həmin vəsait bu halda yarana biləcək problemlərin həllinə yönəldiləcək. Həmin vəsaitdən Böyük Britaniya ona həvalə edilmiş öhdəlikləri yerinə yetirməyəcəyi halda da istifadə edilə bilər.
Nazir pulların cəlb edilməsi strategiyasının nədən ibarət olmasını və məhz nə cür istifadə ediləcəyini dəqiqləşdirməyib. Bununla bərabər, o bildirib ki, həmin sualların cavabları danışıqların gedişində tapılacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması barədə danışıqlar artıq yekun mərhələsindədir və bu il noyabr ayına qədər davam etməlidir. Danışıqlar nəticəsində əldə ediləcək saziş daha sonra Avropa parlamenti və Böyük Britaniya parlamenti tərəfindən bəyənilməlidir. Lakin bəzi məlumatlara görə, əgər tərəflər ticarət sazişi bağlaya bilməsələr, bu halda Böyük Britaniya 39 milyard funt sterlinq məbləğində dəbbə pulu ödəməkdən imtina edir. Bu variant “sərt Brexit” adlanır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm