İQTİSADİYYAT
“Darvin bankası” yatağı üçün yeni özül istismara verilmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft qaz çıxarma idarəsinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 740 nömrəli stasionar dəniz özülünün inşası başa çatmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuş özül Dövlət Qəbul Komissiyası tərəfindən istismara təhvil verilmişdir.
Səkkiz istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 10 metr dərinliyində yerləşdirilmişdir. Səkkiz bloklu özül 2 hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir. Ümumi sahəsi 3000 kvadratmetr olan özüldə ən müasir qazma avadanlığı, 7 yanalma meydançası, 4 minik meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılmışdır. Bundan əlavə, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədi ilə 3 ədəd dizel elektrik aqreqatı quraşdırılmışdır. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilmişdir.
Özüldən qazılacaq quyuların orta dərinliyi 1040 metr təşkil edəcəkdir.