İQTİSADİYYAT
“Daşınmaz dövlət əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi” mövzusunda seminarlar keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Şəkidə və Xaçmazda “Daşınmaz dövlət əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi” mövzusunda seminarlar keçirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilmişdir.
Seminarlarda bu sahədə beynəlxalq təcrübəyə malik almaniyalı ekspertlər çıxış edərək Avropa ölkələrinin daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri ilə bağlı təcrübələrindən danışmışlar.
Tədbirlər çərçivəsində dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olmuş, dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr şərh edilmişdir.
Seminarların sonunda iştirakçılara sertifikatlar verilmişdir.