İQTİSADİYYAT
Daşınmaz əmlakın qeydiyyatı prosesində yeniliklər tətbiq olunacaqdır
Bakı, 29 noyabr (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri mülkiyyət hüquqlarının qeydiyyatı prosesində şəffaflığın artırılması, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, ən başlıcası əhalinin bu xidmətlərdən istifadəsinin maksimum sadələşdirilməsidir.
Bu tədbirlər bir neçə mühüm istiqamətdə aparılır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, eləcə də təşkilati və texniki sahədə tədbirlər görülür.
Eyni zamanda, həyata keçiriləcək işlər çərçivəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsi, bunun üçün tələb olunan müddətlərin azaldılması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində yeni elektron xidmətlərin göstərilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur.
Artıq mayın 1-dən elektron xidmətlərin tətbiqinə başlanılmışdır. Bu xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsilə onlayn müraciət edə bilər. Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulmuşdur.
May-oktyabr ayları ərzində 700-ə yaxın elektron müraciət daxil olmuş və icra olunmuşdur. DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin bütün rayon şöbələrində, Abşeron, Sumqayıt, Gəncə və Xaçmaz ərazi idarələrində “elektron növbəlilik” sisteminin tətbiqinə başlanılmışdır.
Qeydiyyat sahəsində digər yeniliklər təşkilati tədbirlərə aiddir. Bu tədbirlərə əsasən xidmətin əhatə dairəsinin genişləndirilməsi və geniş əhali kütlələri üçün əlçatanlığının artırılması nəzərdə tutulur.
Daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi sahəsində tədbirlərdən biri də bunun üçün dövlət rüsumları və xidmət haqlarının istənilən ödəmə məntəqəsində aparmaq imkanının yaradılması olacaqdır. Bu ödənişlər avtomatik olaraq Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aidiyyəti üzrə vətəndaşdan qəbul olunmuş ərizənin qarşısında görünəcəkdir. Bu məqsədlə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi ilə ödənişlərin aparıldığı bank arasında əlaqənin yaradılması nəzərdə tutulur .