ELM VƏ TƏHSİL
DAŞKƏNDDƏ ÇIXAN “HÜRRİYYƏT” QƏZETİ TANINMIŞ SOYDAŞIMIZ HAQQINDA BÖYÜK MƏQALƏ DƏRC ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə çıxan “Hürriyyət” qəzeti Özbəkistan Dövlət Dünya Dilləri Universiteti beynəlxalq jurnalistika fakultəsinin müəllimi Səydi Umarovun Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedoqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi və aktyor Seyid Rza Əlizadənin 120 illiyi ilə əlaqədar “Səmərqəndli mütəfəkkir” adlı iri məqaləsini çap etmişdir.
Materialda deyilir ki, Seyid Rza Əlizadə 20-ci əsrin əvvəllərində Türküstanda xalq maarifinin yaranmasında və inkişafında əvəzsiz işlər görmüşdür. O, Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdəndir. Seyid Rzanın bilavasitə təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlamışdır. O, özbək, tacik və Orta Asiyada yaşayan farsların ilk “Əlifba” kitabını, tacik dilinin ilk qrammatikasını yazmız, ilk ikicildlik rusca-tacikcə lüğəti tərtib etmiş, şagirdlər üçün “Coğrafiya”,”Tarix”,”Riyaziyyat”,”Həndəsə”, “Astronomiya” və ”Ərəb dilinin qrammatikası” kitablarını hazırlamışdır.
Qeyd olunur ki, 1906-cı ildə Seyid Rza Əlizadə Mirzə Ələkbər Sabirlə görüşmək üçün Şamaxıya gedir və Şamaxı ədəbi mühiti ilə qanış olur. Sabir Şamaxıda xəstə olarkən S.R.Əlizadə yenidən on baş çəkir. Bakıda böyük Üzeyir Hacıbəyovla görüşür, Səmərqənddə görüləcək işlər haqında söhbət edir.
Məlumat verilir ki, Seyid Rza Əlizadə 1918-22-ci illərdə Səmərqənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan”, “O olmasın bu olsun” operettalarını, Hüseyn Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərini tamaşaya hazırlamış, bu əsərlərə rejissorluq etmiş, baş rolların birini oynamışdır”.
Xatırladaq ki, Seyid Rza Əlizadə 1937-ci ildə repressiya olunmuş, 1945-ci ildə Vladimir həbsxanasında vəfat etmişdir.1986-cı ildə böyük maarifçi alimin nəvəsi Fərhad Əlizadə babasının nəşini gətirərək Səmərqəndin Pəncab qəbristanlığında dəfn etmişdir.