MƏDƏNİYYƏT
Daşkənddə çıxan “Jaxon adabiyyati” jurnalında Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşının məqaləsi dərc edilmişdir
Daşkənd, 23 iyun (AZƏRTAC). Daşkənddə çıxan özbəkdilli “Jaxon adabiyyati” jurnalında Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi, tarix elmləri namizədi Səbuhi Əhmədovun “Əmir Teymur və Azərbaycan” sərlövhəli geniş məqaləsi çap olunmuşdur.
Məqalədə deyilir ki, “Avropanın xilaskarı” adlandırılan Əmir Teymur get-gedə həm vətənində, həm də Özbəkistandan kənarda daha çox tədqiqatçıların diqqətini cəlb edir. Dünyanın 50-dən artıq ölkəsində Əmir Teymur haqqında tədqiqatlar aparılır, kitablar yazılır.
Müəllif yazır ki, altı əsr ərzində bu böyük sərkərdə haqqında Avropa dillərində 900-dən, Şərq dillərində isə 1000-dən artıq müxtəlif kitab çap olunmuşdur.
Məqalədə Əmir Teymurun Azərbaycana yürüşləri haqqında da ətraflı məlumat verilir, böyük sərkərdənin Şirvanşahlar dövlətinə münasibəti şərh edilir. Qeyd olunur ki, Əmir Teymur Azərbaycan torpaqlarının monqol əsarətindən azad edilməsinə böyük kömək göstərmişdir.
Müəllif yazır ki, Azərbaycanın şair və yazıçıları bu böyük sərkərdə haqqında müxtəlif əsərlər yaratmışlar. Məmməd Səid Ordubadinin “Teymur və İldırım Bəyazid” adlı çap olunmamış əlyazması hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Böyük Azərbaycan ədibi Hüseyn Cavidin “Əmir Teymur” pyesi bu sahədə ən uğurlu əsərlərdən biridir. 1983-cü ildə bu əsər səhnələşdirilmiş, “Əmir Teymur” televiziya filmi çəkilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd