İQTİSADİYYAT
Daşkənddə doqquzuncu Özbəkistan Beynəlxalq pambıq və toxuculuq yarmarka və konfransı keçirilmişdir
Daşkənd, 17 oktyabr (AZƏRTAC). Daşkənddə doqquzuncu Özbəkistan Beynəlxalq pambıq və toxuculuq yarmarka və konfransı keçirilmişdir.
Tədbirlərdə 40 ölkənin 1000-dən artıq şirkət və müəssisəsi iştirak etmişdir. Azərbaycanı bu tədbirlərdə özəl pambıq şirkətləri təmsil etmişdir.
Özbəkistanın Baş naziri Şavkat Mirziyayev konfrans və yarmarka iştirakçılarını salamlamış, ölkəsinin pambıqçılıq sahəsində qazandığı uğurlardan danışmışdır. Onun sözlərinə görə Cənub-Şərqi və Cənubi Asiya, Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrində özbək pambığına tələbat artmaqdadır. İndi 40 ölkə özbək pambığını alır. O demişdir ki, hazırda ölkənin regionlarında 300-ə yaxın müasir pambıq emalı müəssisəsi fəaliyyət göstərir.
Konfransda “Özbək pambığının satın alınması sahəsində uğurlu tərəfdaşlıq”, “Özbəkistanın toxuculuq sənayesi: bu sahənin regionlarda inkişaf meyilləri”, “Dünya toxuculuq sənayesinin inkişaf istiqamətləri”, “Hindistanın toxuculuq sənayesinin uğurları və perspektivləri”, “Mahlıcın keyfiyyətinin yaxşılaşdırılması üçün biotexnoloji innovasiyalar” və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfrans və yarmarka iştirakçıları Daşkənd vilayətindəki pambıq emalı zavodları, pambıq terminalı və toxuculuq fabriklərində də olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd