MƏDƏNİYYƏT
Daşkənddə “Əmir Teymur və Teymurilər dövründə elm və mədəniyyət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Daşkənd 31 oktyabr (AZƏRTAC). Özbəkistan Elmlər Akademiyası, paytaxtdakı Mənəvi Tərbiyə Mərkəzi və Əmir Teymur adına Beynəlxalq Fond Teymurilər Tarixi Dövlət Muzeyində (TTDM) bu elm mərkəzinin 15 illiyi ilə əlaqədar “Əmir Teymur və Teymurilər dövründə elm və mədəniyyət” mövzusunda elmi-praktiki konfrans keçirmişlər.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev və ikinci katib Səbuhi Əhmədov iştirak etmişlər.
Konfransda Əmir Teymurun şəxsiyyəti və dövrü ilə əlaqədar məruzələr dinlənilmiş, Teymurilər dövrü ilə bağlı dünya muzeylərində qorunan eksponatlar haqqında məlumat verilmişdir. Rusiyadan gəlmiş alimlər Sankt-Peterburq şəhərindəki Ermitaj muzeyində qorunan və Teymurilər dövrünə aid iki üzük-möhürlərin surətlərini TTDM-ə hədiyyə etmişlər.
Səbuhi Əhmədov “Şərəf əd-Din Əli Yəzdinin “Zəfərnamə” kitabında qeyd edilən Şirvan zirehli sursatlar haqqında” mövzusunda məruzə etmişdir. Slayd şəkillərin nümayişi ilə müşayiət olunan məruzə maraqla qarşılanmışdır.
S.Əhmədov muzeyə Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur. Zirvəyə doğru” kitabını hədiyyə etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd