MƏDƏNİYYƏT
Daşkənddə keçirilən Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub
Daşkənd, 23 fevral, AZƏRTAC
Daşkənd Toxuculuq və Yüngül Sənaye Universitetində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistandakı bir sıra səfirliklərin nümayəndələri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təmsilçiləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbiri universitetin rektoru, professor İlxom Sabirov açaraq Beynəlxalq Ana Dili Gününün əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bütün dünyada bu bayram fevralın 21-də qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə bu bayramı tanıyıb. UNESCO-nun baş konfransında isə 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub. Qeyd edilib ki, bu bayram 1952-ci ildə Pakistanda benqal dilinin qadağan olunması ilə bağlı keçirilən etirazlara və həlak olan dörd nəfərin xatirəsinə ehtiram əlaməti olaraq keçirilir.
AMM-in əməkdaşı Yusif Məmmədov Azərbaycan dilinin zənginliyi barədə danışıb, böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib.
Tədbirdə müxtəlif ölkələrin nümayəndələri ana dili haqqında fikirlərini bildirib, öz dillərində şeirlər səsləndiriblər.
Mərasimin bədii hissəsində müxtəlif xalqların mahnı və rəqsləri ifa olunub. AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdullayev sazda qədim el havalarımızı ifa edib.
Tədbirdə aktiv iştirak etdiyinə görə AMM-ə diplom verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd