SİYASƏT
DAŞKƏNDDƏKİ 31 NÖMRƏLİ MƏKTƏB-UŞAQ EVİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Daşkənd, 10 may (AZƏRTAC). Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının hamilik etdiyi 31 nömrəli məktəb-uşaq evində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə mərasim keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagirdləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun fəaliyyəti haqqında ətraflı məlumat vermiş, dövlət quruculuğu sahəsində onun xidmətlərindən danışmışdır. A.Ağatalıbov demişdir ki, Heydər Əliyev ancaq Azərbaycanın deyil, türk dünyasının tanınmış siyasi xadimi idi. Ulu öndər Özbəkistanı və özbək xalqını çox sevirdi.
Mərasim Azərbaycan və özbək mahnılarından ibarət geniş konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd