SİYASƏT
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ BƏLƏDİYYƏLƏRƏ NAMİZƏDLƏRİNİN VƏ PARTİYA FƏALLARININ ÜMUMRAYON TOPLANTISI KEÇİRİLMİŞDİR
Daşkəsən, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Daşkəsəndə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyələrə irəli sürülmüş namizədlərin və partiya fəallarının ümumrayon toplantısı keçirilmişdir.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirmişdir ki, ötən iki bələdiyyə seçkisində rayonda 32 bələdiyyə üzrə seçkilər keçirilmişdir. Bu il Daşkəsən rayonu üzrə 19 bələdiyyəyə seçkilər keçiriləcəkdir. Hazırda bələdiyyə seçkilərində YAP tərəfindən 145 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüşdür. Onlardan 37-si qadın, 40 nəfəri isə gəncdir. Bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə gedirik.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirmişdir ki, YAP bələdiyyə seçkilərində irəli sürdüyü namizədlərin seçki təcrübəsinin və namizəd kimi səriştəsinin artırılması üçün treninq kurslar təşkil edir. Bugünkü toplantı da həmin məqsəd və niyyətə xidmət edir. Bələdiyyələr Azərbaycanda ən gənc qurumlardandır. Bizim bələdiyyə seçkilərinə dair 15 illik qanunvericilik, 10 illik praktik təcrübəmiz vardır. Gələcəkdə bələdiyyələrin işi daha çox olacaqdır. İdarəçiliyin bir hissəsinin icra orqanlarından alınıb bələdiyyələrə verilməsi nəzərdə tutulmuşdur. Bələdiyyələrlə icra orqanları arasında olan münasibətlər günbəgün daha da təkmilləşməli, formalaşmalıdır.
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov hazırda bələdiyyələrə böyük səlahiyyətlər verildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, həmin səlahiyyətlərdən bələdiyyələr lazımınca istifadə etməli, mövcud ehtiyatları, imkanları hərəkətə gətirməlidirlər. Bələdiyyələr işini ellə qurmalıdır. Onlara verilən səlahiyyətlər imkan verir ki, yaşadıqları regionları daha da abadlaşdırsınlar, gözəlləşdirsinlər. Mənə elə gəlir ki, ötən iki bələdiyyə seçkisində olduğu kimi, bu dəfə də YAP-ın namizədləri uğur qazanacaqlar.
Toplantıda YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov iştirak etmişdir.
######