Daşkəsənə qar yağıb FOTO
Daşkəsən, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsənə qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları tərəfindən mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmayıb.